in

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

“Aşura günü” nə deməkdir?

Sual: Məhərrəm ayı və aşura günü nə deməkdir?

Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir.[1] Peyğəmbərimiz (s.ə.s) ayədəki haram ayların Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayı olduğunu bildirmişdir.[2]

Məhərrəm ayının özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı olan Məhhərəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır.

Sual: Aşura günü hansı hadisələr baş verib?

Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa (ə.s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.
Hz. Nuhun (ə.s) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.
Hz. Yunus (ə.s) balığın qarından bu gün xilas olmuşdur.
Hz. Adəmin (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
Hz. Yusuf (ə.s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.
Hz. İsa (ə.s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.
Hz. Davudun (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmail (ə.s) aşura günü dünyaya gəlmişdir.
Hz. Yaqubun (ə.s) oğlu Hz. Yusifin (ə.s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.
Hz. Əyyub (ə.s) bu gün xəstəliyindən şəfa tapmışdır. (Təbərani)
Və ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində Aşura günü Kərbəlada şəhid edilmişdir.

Sual: Aşura günü oruc tutmaq olar?

Onu qeyd edək ki, Məhərrəm ayı və Aşura günü yəhudi və xristianlara görə də müqəddəs sayılırdı. Peyğəmbərimiz (s.ə.s) də Məkkədə olarkən özü bu orucu tutmuşdur.[3] Daha sonra Rəsulullah (s.ə.s) Mədinəyə hicrət edəndə yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və: “Bu oruc nədir?” − deyə soruşdu. Onlar: “Bu gün çox gözəl gündür. Allah Təala bu gün Hz. Musanı (ə.s) və İsrailoğullarını düşməndən qurtarmışdır. Bu səbəblə Hz. Musa (ə.s) bu gün oruc tutmuşdur”. Peyğəmbərimiz (s.ə.s) də: “Mən Musaya sizdən daha yaxınam”, − buyuraraq bu gün oruc tutmağı əmr etdi.[4] Bu vəziyyət Ramazan orucu fərz qılınana qədər davam etdi. Ramazan orucu fərz buyrulandan sonra Allah Rəsulu (s.ə.s) insanları Aşura orucu tutub-tutmamaqda sərbəst buraxdı. Yəni istəyən Aşura orucunu tuta bilər, istəyən də tutmazdı. “Bu gün Aşura günüdür. Bu gündə oruc tutmaq sizlərə fərz olmamışdır. Diləyən oruc tutsun, diləyən tutmasın.”[5]

Sual: Məhərrəm ayının neçənci günləri oruc tutmaq olar?

Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurur: “Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır”.[6] Həmçinin Rəsulullah (s.ə.s) “Ümidvaram ki, Aşura günü tutulan oruc əvvəlki ildə işlənən günahlara kəffarə olar.”[7] hədisi ilə ümmətini aşura orucuna təşviq etmişdir.

İbn Abbasdan (r.a) Rəsulullahın (s.ə.s) Məhərrəm ayının neçənci günü oruc tutduğunu soruşulduqda o, onuncu,[8] başqa bir rəvayətdə isə doqquzuncu[9] cavabını vermişdir.

Rəsulullah (s.ə.s) möminlərə yəhudi və xristianlara bənzəməmək üçün sadəcə Aşura günü yox Məhərrəm ayının 9-cu və ya 11-ci günü yaxud ən azı iki gün oruc tutmağı tövsiyə etmişdir.[10]

Sual: Aşura günü oruc tutmağın hökmü nədir?

Məhərrəm ayının 9-10-cu və ya 10-11-ci günü oruc tutmaq sünnədir. Təkcə 10-cü gün oruc tutmaq məkruhdur.

[1] Bax: Bəqərə surəsi, 2/194-217; Maidə surəsi, 5/2, 97; Tövbə surəsi, 9/5.

[2] Buxari, Məğazi 77; Tövhid 24; Bədul-xəlq 2; Müslim, Qəsamə 29.

[3] Buxari, Savm 69; Əhməd ibn Hənbəl, Müsnəd, VI, 244.

[4] Buxari, Ənbiya, 24, Mənaqibul-Ənsar, 52; Müslim, Siyam, 127 (1130); Əbu Davud, Savm, 64; İbn Macə, Siyam, 41; Əhməd ibn Hənbəl, I, 291, 310, 336, 340.

[5] Buxari, Savm, 68; Müslim, Siyam, 117 (1126); Əbu Davud, Savm, 64.

[6] Müslim, Siyam 202-203; Nəsai, Qiyamul-leyl 6.

[7] Tirmizi, Savm 48.

[8] Tirmizi, Savm 50.

[9] Müslim, Siyam 132.

[10] Müslim, Siyam 133; Əbu Davud, Siyam 65; Tirmizi, Savm 50; Əhməd ibn Hənbəl, Müsnəd, I, 240.

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

14 points
Upvote Downvote

Müəllif

Cəbhədə atəşkəs pozulub

Yoluxanların sayı azaldı